Plintus

Plintus istənilən obyektin dekorasiyasında kiçik, amma çox əhəmiyyətli elementdir. Onun montajı son növbədə, divarların, tavanların işlənməsi başa çatdıqdan və döşəmə örtüyü vurulduqdan sonra həyata keçirilir. Bundan başqa, plintus vacib dekorativ rol oynayaraq interyerə nəfislik verir. Yaxın vaxtlara qədər plintusları çilingər alətlərinin köməyi ilə ensiz hamar taxta lövhələrdən hazırlanırdı. Onlara üçbucaq forması verirdilər, bəzən lövhənin bütün uzunluğu boyunca fiqurlu oyuq açır və bununla da onlara estetik görünüş verilməsi prosesi başa çatırdı. Lövhələrin eni cəmi 3-4 sm olurdu. Müasir döşəmə plintusları isə yuxarıda qeyd olunan döşəmə plintuslardan bir çox parametrlərə görə fərqlənir. Plintusu seçərkən onun formasına, materialına və rənginə diqqət yetirmək lazımdır.

Plintus məkana təkcə cazibədar görünüş vermir, həm də müəyyən funksiyaları yerinə yetirir:

  • Döşəmələr vurularkən örtük və divarların arasında ara məsafələr qalır ki, bura da toz, çirk yığıla, su düşə bilər. Bunun baş verməməsi üçün plintusdan istifadə edirlər.
  • Plintus döşəmə örtüyü və divarların qovuşuq yerində yarana bilən nahamarlıqları gizlədir.
  • Müasir ev çoxlu sayda məftilə malik olan hər cür texnika ilə doludur. Bu məftillərin bir-birinə dolaşmaması və obyektin interyerini korlamaması üçün onları plintusun altına yerləşdirmək olar.
  • Bu elementin mövcudluğu sayəsində məkanda döşəmədən divarlara orijinal keçid yaratmaq olar. Bəzi hallarda onu döşəmənin tonuna uyğun seçirlər, bəzən isə onun köməyi ilə kontrast yaradırlar ki, bu da dizaynı daha çox nəzərə çarpan edir.

Plintusun istehsalı prosesində müxtəlif materiallardan: ağac, şpon, metal və ya MDF istifadə olunur. Onların hər biri xüsusi cəhətlərə malikdir. Buna görə də seçim şəxsi istəklərdən, obyektin dizaynı və qiymətdən asılıdır.

Bütöv ağac növündən hazırlanan plintuslar ən bahalı və tələbatın böyük olduğu plintuslardan biri hesab edilir, çünki onlar yüksək sortlu taxta paneldən hazırlanır. Massivdən hazılanan plintuslar arasında palıd massivindən olan plintus tələbat daha çoxdur. Döşəmə örtüyünün haşiyələnməsi üçün ensiz hamar taxta lövhə tamamilə qiymətli ağac növü massivindən (palıd ağacından başlayaraq qırmızı ağac növünə qədər) hazırlana bilər, eləcə də əsasında şam və ya küknar ağacı ola bilər ki, bu halda onun üzəri daha qiymətli materialdan olan şponla örtülür.

Təbii ağacdan hazırlanan örtüklər – massiv və ya texnoloji parket üçün şpondan profil idealdır. Zəngin material seçimi – parket döşəmə çeşidinin genişlənməsi, istifadə edilən ağac növlərinin sayının artması ilə bağlı olan prosesin nəticəsidir. Üzərinə şpon çəkilmiş plintus massiv plintus ilə müqayisədə çox nadir hallarda burur və ya əyir, yəni həndəsi formanı daha yaxşı saxlayır.